Ötən il dünya üzrə əməliyyatlarda kiber fırıldaqçılığın səviyyəsi artıb.
Cashless.az xəbər verir ki, “LexisNexis Risk Solutions” tərəfindən yayımlanan hesabata görə, 100 milyarddan çox tranzaksiya üzrə fırıldaqçılıq göstəricisi 1,6%-ə yüksəlib.
Bildirilir ki, fırıldaq halları ən çox oyun, mərc və e-ticarət sahələrində qeydə alınıb.
Şirkət ötən il dünya üzrə 116 milyard onlayn əməliyyatı (ödənişlər, girişlər, yeni hesab açılışları və s.) təhlil edib. Qlobal əməliyyatlarda artım əvvəlki illə müqayisədə 12% yüksəlib. Qlobal fırıldaq səviyyəsinin artması 2024-cü ildə sabit qaldıqdan sonra baş verib.
Hesabatda qeyd olunur ki, süni intellektin yaratması gözlənilən “fırıldaq dalğası” ötən il tam reallaşmayıb. Buna baxmayaraq, fırıldaq üsullarında dəyişikliklər müşahidə olunur. İnsanlar tərəfindən edilən hücumlar cəmi 8% artıb. Botlar vasitəsilə həyata keçirilən hücumlar isə 59% böyüyüb.
“Zimperium” şirkətinin məlumatına görə, fırıldaqçılar istifadəçiləri pulsuz tətbiqlər (oyunlar, ipoteka kalkulyatorları və s.) yükləməyə təşviq edərək cihazlara zərərli proqram yerləşdirirlər. Bu yolla istifadəçinin cihazına nəzarəti ələ keçirirlər, bank tətbiqlərinə gizli daxil olurlar və istifadəçi xəbəri olmadan kiçik məbləğlərlə pul köçürmələri edirlər. Şirkətin nümayəndəsinin sözlərinə görə, bu cür zərərli proqramlar telefonda gizli qalaraq uzun müddət fəaliyyət göstərə bilir.
Hesabatda qeyd olunur ki müdafiə texnologiyalarının inkişafı, dövlət tənzimləmələrinin gücləndirilməsivə maliyyə institutları arasında əməkdaşlığın artması kiber fırıldaqçılığa qarşı mübarizədə müsbət rol oynayır.
Buna baxmayaraq, fırıldaqçılar da fəaliyyətlərini genişləndirir. Hesabata görə, dünya üzrə fırıldaq mərkəzləri hələ də böyüməkdə davam edir və bu sahədə çalışan insanların sayı artmaqdadır. Bu isə qlobal miqyasda fırıldaqçılığa qarşı mübarizəni daha da çətinləşdirir.

