Recorded Future-un “Payment Fraud Intelligence Report 2025” hesabatına görə, ödəniş fırıldaqçılığı artıq kütləvi məlumat oğurluğundan daha selektiv və yüksək texnologiyalı hücum modelinə keçir. Məlumat həcmi bəzi seqmentlərdə azalsa da, hücumların uğur faizi və texniki mürəkkəbliyi yüksəlir.
Hesabata görə, 2025-ci ildə dark web platformalarında 142 milyon bank kartının məlumatları satışa çıxarılıb. Oğurlanmış kart məlumatlarının aktiv olub-olmadığını yoxlamaq üçün “kart testing” infrastrukturundan istifadə edilib. İl ərzində 1350-dən çox merchant platformasının bu məqsədlə istifadə olunduğu, messencer platformalarında isə təxminən 27 milyon kart məlumatının test edildiyi aşkar olunub.
E-commerce seqmentində fişing hücumları aktuallığını qoruyur. Magecart tipli zərərli skriptlər vasitəsilə 23 milyondan çox onlayn əməliyyatın kompromet edildiyi bildirilir.
Araşdırmaya əsasən, 3600-dən çox saxta merchant hesabı aşkarlanıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə təxminən 2,5 dəfə artım deməkdir. Bu sxemlərdə istifadəçilər ödənişi özləri təsdiqlədiyi üçün əməliyyatlar texniki baxımdan legitim görünür və nəticədə ənənəvi antifraud sistemləri üçün aşkarlanması çətinləşir.
Autentifikasiya mexanizmləri də artan təzyiq altında olduğu qeyd olunub. SMS OTP kodlarının ələ keçirilməsi müxtəlif metodlarla həyata keçirilir ki, bu da yalnız tək faktor autentifikasiyasına əsaslanan təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini göstərir.
Hesabatda qeyd olunur ki, süni intellekt texnologiyaları fraud kampaniyalarının optimallaşdırılmasında aktiv istifadə olunur. Sİ alətləri fişinq mesajlarının hazırlanması, potensial qurbanların seçilməsi və sosial mühəndislik ssenarilərinin avtomatlaşdırılması üçün tətbiq edilir. Bu yanaşma hücumların həm miqyasını, həm də effektivliyini artırır.
Ümumilikdə, tədqiqat göstərir ki, fraud ekosistemi daha koordinasiyalı və xidmət kimi təqdim olunan (fraud-as-a-service) modellər üzərindən inkişaf edir. Bu kontekstdə maliyyə institutları və bizneslər üçün yalnız təhlükəsizlik tədbirləri kifayət etmir. Real-time monitorinqlər, davranış analitikası və çoxsəviyyəli autentifikasiya mexanizmləri kritik prioritetlərə çevrilir.

