Azərbaycanın iki böyük bankı eyni gündə CineMastercard kinoteatrlar şəbəkəsi ilə tərəfdaşlıq elan edib.
Noyabrın 3-də Bir ekosistemi CineMastercard ilə əməkdaşlığa başladığını açıqlayıb. Layihə çərçivəsində Birbank istifadəçiləri film və seansları axtara, interaktiv zal xəritəsindən yer seçə və biletlərin ödənişini başqa platformaya keçmədən həyata keçirə biləcəklər.
Yeni funksiyanın texniki inteqrasiya və sınaq mərhələlərindən sonra 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Eyni gün ABB də CineMastercard ilə əməkdaşlıq sənədi imzalayıb. Razılaşma ABB mobile vasitəsilə kino biletlərinin satışından əlavə, kinoteatrlarda bankın brendinin yerləşdirilməsini, premium zalların “ABB zalları” adlandırılmasını və hədəfli reklam imkanlarını nəzərdə tutur.
Bundan başqa, ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanması, biletlərin satışına erkən çıxış imkanı, xüsusi nümayiş cədvəllərinin banka əvvəlcədən təqdim edilməsi və mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiya planlaşdırılır. Bank yeni xidmətin istifadəyə veriləcəyi konkret tarixi açıqlamayıb.
Eyni kinoteatr şəbəkəsi ilə bir gündə elan olunan iki tərəfdaşlıq banklar arasında rəqabətin ənənəvi maliyyə xidmətlərindən kənara çıxdığını göstərir. Hər iki bank gündəlik xidmətləri öz mobil tətbiqində birləşdirərək istifadəçilərə daha geniş rəqəmsal ekosistem təqdim etməyə çalışır.
Hazırda hər iki layihə gələcək xidmət kimi təqdim olunur. Kino biletlərinin birbaşa tətbiqdən satışını hansı bankın daha tez istifadəyə verəcəyi isə hələlik məlum deyil.

