Maliyyə texnologiyaları şirkəti Abhi və ödəniş infrastrukturu provayderi NymCard BƏƏ-də kiçik və orta bizneslərin maliyyələşdirilməsini asanlaşdırmaq üçün strateji əməkdaşlığa başlayıb.
Tərəfdaşlıq çərçivəsində Abhi-nin biznes maliyyələşdirilməsi həlləri NymCard-ın kart və ödəniş infrastrukturu ilə birləşdiriləcək. Vahid texnoloji həll rəqəmsal qeydiyyatdan kredit müraciətinin hazırlanmasına, qərarın verilməsindən təsdiqlənmiş vəsaitin köçürülməsinədək bütün prosesi əhatə edəcək.
Yeni həll banklara və lisenziyalı maliyyə institutlarına müxtəlif sistemləri ayrıca inteqrasiya etmədən KOB kreditləşməsi prosesini qurmağa və genişləndirməyə imkan verəcək. Sahibkarlar üçün isə kredit müraciətindən vəsaitin əldə olunmasına qədər prosesin daha sürətli və sadə olması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın elektron pul təşkilatı PayRiff və Abhi daha əvvəl elektron ticarət və rəqəmsal ödənişlər sahəsində əməkdaşlıq edərək AbhiPay həllini təqdim ediblər. Rəqəmsal ödəniş və ani vəsait köçürülməsi imkanlarını birləşdirən AbhiPay, PayRiff-in texnoloji infrastrukturu əsasında hazırlanıb.

