ADY və AzInTelecom-un birgə layihəsi sərnişinlərə fiziki kart olmadan turniketlərdən keçməyə imkan verir
Cashless.az xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın dəmir yollarında ilk dəfə “SİMA Pay” üztanıma ilə ödəniş sistemi tətbiq olunub. Layihə AZCON Holdinqə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC və “AzInTelecom” MMC-nin birgə əməkdaşlığı ilə həyata keçirilib.
İlkin mərhələdə sistem Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdə aktivdir. Növbəti mərhələdə Abşeron dairəvi marşrutu boyu bütün stansiya və dayanacaqlarda, daha sonra isə ölkə üzrə dəmir yolu şəbəkəsində tətbiq planlaşdırılır.
Yeni sistem sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac olmadan turniketlərdən sürətli keçid imkanı verir. İstifadə üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edək ki, ADY son illərdə sərnişin məmnuniyyətini artırmaq üçün rəqəmsal həllərə üstünlük verir. 2023-cü ildən istifadəyə verilən “ADY Mobile” tətbiqinin istifadəçi sayı 400 mini ötüb. Qatarla bölgələrə səyahət edən sərnişinlərin təxminən 80%-i biletlərini onlayn alır.

