Avropa İttifaqı Türkiyəyə vahid avro ödəniş zonası olan SEPA sisteminə qoşulmağı təklif edib. Təşəbbüsün məqsədi Avropa ilə Türkiyə arasında pul köçürmələrini sadələşdirmək və iqtisadi inteqrasiyanı gücləndirməkdir.
Məlumata görə, təklif Avropa Komissiyasının genişlənmə üzrə nümayəndələri ilə Türkiyə rəsmiləri arasında keçirilən görüşlər zamanı gündəmə gətirilib. SEPA sisteminə qoşulma halında Türkiyə ilə Avropa ölkələri arasında sərhədlərarası köçürmələr daxili transferlər qədər sürətli və daha aşağı xərcli olacaqdır.
Hazırda Türkiyə ilə Avropa arasında bank köçürmələri üçün komissiyalar bəzi hallarda 40 avroya qədər yüksəlir. SEPA standartlarının tətbiqi bu xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər ki, bu da xüsusilə bizneslər və Avropada yaşayan türk diasporu üçün əlavə üstünlük yaradır.
Digər tərəfdən, Türkiyənin SEPA sisteminə qoşulması yerli bankların beynəlxalq köçürmələrdən əldə etdiyi komissiya gəlirlərinə təsir göstərəcəkdir. Bu səbəbdən təşəbbüs maliyyə sektoru üçün həm yeni imkanlar, həm də müəyyən risklər yaradır.

