Azərbaycan startapları üçün Qazaxıstan bazarına çıxış və regional tərəfdaşlıqlar qurmaq imkanı yaradan Central Eurasia Market Entry — CEME beynəlxalq akselerasiya proqramına müraciət başlayıb.
Cashless.az xəbər verir ki, proqram ASAN AI Hub, “İnnovasiyalar Mərkəzi”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Astana Hub əməkdaşlığı çərçivəsində həyata keçirilir.
CEME Astana Hub tərəfindən Almaty Hub məkanında təşkil olunan 12 həftəlik akselerasiya proqramıdır. Proqram texnologiya startaplarının Qazaxıstan bazarına daxil olmasına, məhsullarını bazara uyğunlaşdırmasına və pilot layihələr həyata keçirməsinə dəstək verir.
Proqram çərçivəsində Azərbaycanı təmsil edəcək ən yaxşı iki startap seçiləcək. Seçilən komandalar CEME-də iştirak hüququ qazanacaq və 10 min ABŞ dollarınadək AWS Activate cloud kreditlərinə müraciət imkanı əldə edəcəklər.
Müraciət üçün startapların süni intellekt texnologiyalarından istifadə edən məhsul və ya xidmət təqdim etməsi, B2B həllə sahib olması, Product-Market Fit və ya scaling mərhələsində olması tələb olunur. Startaplar həmçinin ilk satışlarını həyata keçirmiş və ya bazarda tələbatı təsdiqləmiş olmalıdırlar.
İştirakçılara Qazaxıstan bazarına çıxış üzrə “soft landing” dəstəyi, Almaty Hub-da pulsuz kovorkinq məkanı, hər komandadan iki nəfər üçün yaşayış, yerli şirkətlərlə B2B görüşlər və pilot layihələr imkanı təqdim ediləcək.
Qeyd edək ki, uçuş biletləri və digər şəxsi xərclər iştirakçılar tərəfindən qarşılanacaq.
Proqrama müraciət üçün son tarix 9 avqustdur.
Müraciət üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSeSi2VFIzBalPsnFEvt5a5Cdsq6nZDkWs9SP8nKnt-M0Tl-eA/viewform

