Avropa Komissiyası AliExpress platformasını qanunsuz, saxta və təhlükəli məhsulların satışının qarşısını lazımi səviyyədə almadığına görə 550 milyon avro — təxminən 629 milyon dollar məbləğində cərimələyib. Bu, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı çərçivəsində indiyədək tətbiq etdiyi ən böyük cərimədir.
Cashless.az xəbər verir ki, araşdırma zamanı AliExpress-in platformadakı məhsulları yoxlamaq üçün kifayət qədər resurs ayırmadığı və qanunsuz məhsulların aşkarlanması sistemlərinin effektivliyini düzgün qiymətləndirmədiyi müəyyən edilib.
Avropa Komissiyasının qənaətinə görə, platformanın tövsiyə və reklam alqoritmləri bəzi hallarda belə məhsulların daha geniş auditoriyaya çatmasına şərait yaradıb. Nəticədə saxta məhsullar, təhlükəsizlik tələblərinə cavab verməyən oyuncaqlar və riskli kosmetik vasitələr həftələrlə satışda qala bilib.
Tənzimləyici AliExpress-in qaydaları pozan satıcılara qarşı tədbirlərini də qeyri-kafi hesab edib. Məhdudiyyət tətbiq edilən bəzi satıcıların fəaliyyətini davam etdirməsi və brend təsdiqləmə mexanizmlərinin asanlıqla keçilməsi əsas problemlər sırasında göstərilib.
AliExpress pozuntuların aradan qaldırılması ilə bağlı tədbirlər planını 20 oktyabr 2026-cı ilədək təqdim etməlidir. Təqdim ediləcək addımlar yetərli hesab olunmasa, platforma əlavə tənzimləyici tədbirlərlə üzləşə bilər.
Şirkət qərarla razılaşmadığını və cərimənin həddən artıq olduğunu bildirib. AliExpress həmçinin təhlükəsizlik mexanizmlərinin son dövrdə gücləndirildiyini qeyd edib və qərarla bağlı mümkün hüquqi addımları qiymətləndirir.

