ABŞ-nin texnologiya və elektron ticarət nəhəngi “Amazon” illik “Prime Day” satış kampaniyasının tarixini dəyişməyi planlaşdırır.
Cashless.az xəbər verir ki, şirkət ənənəvi olaraq iyulda keçirilən böyük endirim tədbirini bu il iyunun sonuna çəkməyi nəzərdə tutur.
Mənbələrin bildirdiyinə görə planlar hələ rəsmi açıqlanmadığı üçün tarixlər dəqiqləşməyib və şirkət məsələ ilə bağlı şərh verməkdən imtina edib. Dəyişiklik, həm Amazon, həm də platformada fəaliyyət göstərən minlərlə üçüncü tərəf satıcı üçün satış strategiyasına təsir edə bilər.
“Amazon” onlayn ticarətdə böyük paya sahibdir və hesablamalara görə internetdə xərclənən hər dolların təxminən 40 senti şirkətin platformasının payına düşür.
Buna görə “Prime Day” kampaniyasının vaxtı rəqib şirkətlər tərəfindən də diqqətlə izlənir, çünki onlar da həmin dövrdə öz endirimlərini təşkil etməyə çalışırlar.
Araşdırma şirkəti “Adobe Inc.”in məlumatına görə ötən il keçirilən dörd günlük “Prime Day” satışları zamanı bütün pərakəndəçilər üzrə onlayn xərclər illik müqayisədə 30% artaraq 24,1 milyard dollara çatıb.

