Azərbaycan Mərkəzi Bankı “Baku Pay” MMC və “Fizza Pay” MMC ilə bağlı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.
Cashless.az xəbər verir ki, “Baku Pay” MMC-də aparılan planlı yoxlama zamanı ödəniş xidməti istifadəçilərinə məxsus vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sahələrində çatışmazlıqlar müəyyən edilib.
Bununla əlaqədar olaraq şirkətə mövcud nöqsanların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
Mərkəzi Bank tərəfindən “Fizza Pay” MMC-yə də daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, eləcə də daxili audit və risklərin idarə olunması sahələrində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş təqdim olunub.
Qərarlar “Mərkəzi Bank haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunların müvafiq müddəalarına əsasən qəbul edilib.

