Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sektorunda fəaliyyət göstərən “Baku Pay” MMC və “Global İnnovations” MMC ilə bağlı inzibati məsuliyyət tədbirləri tətbiq edib.
Mərkəzi Bankın açıqlamasına görə, “Baku Pay” MMC-də 31 mart–15 aprel 2026-cı il tarixlərində keçirilmiş yerində yoxlama zamanı müştərilərə məxsus pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması üzrə qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Bu tələblər müştəri vəsaitlərinin təşkilatın öz vəsaitlərindən ayrılıqda qorunmasına və mümkün maliyyə risklərindən mühafizəsinə xidmət edir.
Aşkarlanmış faktlarla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 min manat cərimə olunub.
Digər inzibati tədbir “Global İnnovations” MMC-yə tətbiq olunub. Şirkətdə 24 fevral–17 mart 2026-cı il tarixlərində keçirilən yerində yoxlama zamanı çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bir sıra qanunvericilik tələblərinin pozulduğu aşkarlanıb.
Nəticədə “Global İnnovations” hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 min manat cərimə edilib.

