Azərbaycan Mərkəzi Bankı “United Payment” MMC və “Global İnnovations” MMC ilə bağlı nəzarət tədbirləri çərçivəsində icrası məcburi göstərişlər verib.
Cashless.az xəbər verir ki, “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələbləri ilə bağlı bir sıra uyğunsuzluqlar müəyyən edilib.
Bununla əlaqədar şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə sahəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər təqdim olunub.
Mərkəzi Bank tərəfindən “Global İnnovations” MMC-yə də icrası məcburi göstəriş verilib. Məlumata görə, göstəriş məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası” ilə müəyyən olunmuş digər tələblərin təmin edilməsi ilə bağlıdır.
Qərarlar “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, icrası məcburi göstərişlər ödəniş xidməti təchizatçılarının fəaliyyətində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.

