İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə indiyədək 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Cashless.az xəbər verir ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında Apple, Adobe, Sony Interactive Entertainment, Epic Games, Chess.com və digər beynəlxalq rəqəmsal platformalar yer alır.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün elektron vergi qeydiyyatı məcburi olacaq.
Dövlət Vergi Xidmətinin məlumatına görə, dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, rəqabət mühitini gücləndirmək və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.
Qeyd edək ki, vergi qeydiyyatından keçmiş xarici rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV-nin hesablanması, bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsi birbaşa xidmət təchizatçısı tərəfindən həyata keçirilir. Azərbaycanda elektron xidmət göstərən ən böyük beynəlxalq platformalardan biri olan Meta şirkəti hazırda Dövlət Vergi Xidmətinin açıqladığı qeydiyyatdan keçmiş şirkətlər siyahısında yer almır.

