Texnologiya nəhəngi “Apple Inc.” uzun illərdir bazarın ən sabit qaliblərindən biri hesab olunur. 2007-ci ildə “iPhone” təqdim ediləndən sonra şirkət mobil texnologiya bazarında inqilab etdi və rəqiblərini kölgədə qoydu. Bu dövrdə səhmlərin performansı da diqqətçəkici olub: 2007-ci ildə yatırılan 1 000 dollar bu gün 80 000 dollardan çox dəyərə çata bilərdi.
Bununla belə, 2026-cı ilin əvvəlindən etibarən “Apple” səhmləri təxminən 9% ucuzlaşıb. Bu, son illər üçün nadir haldır. Şirkət son 20 ildə cəmi bir neçə dəfə illik mənfi nəticə göstərib və son belə hal 2022-ci ilə təsadüf edir. Hazırkı eniş fonunda investorlar üçün əsas sual budur: Bu, təhlükə siqnalıdır, yoxsa alış fürsəti?
Maliyyə göstəricilərinə baxdıqda vəziyyətin o qədər də neqativ olmadığı görünür. 2026 maliyyə ilinin birinci rübündə “Apple”ın gəlirləri 143.8 milyard dollara çataraq illik müqayisədə 16% artıb. Hər səhm üzrə mənfəət isə 19% yüksələrək 2.84 dollar olub. Bu, şirkətin fundamental olaraq güclü qaldığını göstərir.
Satışların əsas drayveri yenə də “iPhone” olsa da, digər məhsullar və xidmətlər də artım göstərir. “iPad” və xüsusilə xidmətlər seqmenti olan “App Store” və “Apple Music” şirkətin gəlir strukturunda daha böyük rol oynamağa başlayıb. Ümumilikdə “Apple” ekosistemində 2.5 milyard aktiv cihazın olması sabit gəlir bazası yaradır.
Şirkətin maliyyə vəziyyəti də güclüdür. Apple rübü 45.3 milyard dollar nağd vəsaitlə bağlayıb və 54 milyard dollar əməliyyat pul axını yaradıb. Bundan əlavə, səhmdarlara dividend və geri alışlar vasitəsilə təxminən 32 milyard dollar qaytarılıb.
Şirkət növbəti rübdə də 13–16% gəlir artımı proqnozlaşdırır. Yeni məhsullar, o cümlədən “iPhone 17e” və yenilənmiş “MacBook” modelləri bazara təqdim olunur, həmçinin növbəti nəsil “iPhone”un payızda çıxması gözlənilir.
Analitiklər hesab edir ki, hazırkı eniş daha çox texnologiya sektoruna ümumi təzyiqlə bağlıdır və “Apple”ın öz fundamental göstəricilərindən qaynaqlanmır. Tarix də göstərir ki, şirkət böhranlardan sonra sürətli bərpa qabiliyyətinə malikdir. Məsələn, 2008 maliyyə böhranından sonra “Apple” səhmləri növbəti il 146%-dən çox artmışdı.
Nəticə etibarilə, qısamüddətli dalğalanmalara baxmayaraq, “Apple” uzunmüddətli investorlar üçün hələ də cəlbedici aktiv kimi qalır. Bununla belə, bəzi analitiklər daha yüksək potensiallı alternativ səhmlərin də mövcud olduğunu qeyd edir.
Beləliklə, qərar investorun strategiyasından asılıdır. Riskdən qaçanlar üçün gözləmə mövqeyi, uzunmüddətli baxışa sahib olanlar üçün isə bu eniş alış fürsəti kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “Apple” səhmləri ilə bağlı dəyərləndirmə “YahooFinance” nəşrinə məxsusdur.

