Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Star Venture” proqramının Azərbaycan üzrə növbəti iştirakçı seçimini açıqlayıb. Texnologiya əsaslı dörd yerli startap növbəti iki il ərzində beynəlxalq dəstəklə inkişaf yoluna qədəm qoyacaq.
Proqrama qəbul edilən şirkətlər fərqli, lakin aktual sahələrdə fəaliyyət göstərir
Corpowid şirkətlərin veb və mobil platformalarını WCAG (Web Content Accessibility Guidelines – rəqəmsal məhsulların əlçatanlığını təmin edən beynəlxalq standart) tələblərinə uyğunlaşdırmaq üçün süni intellekt əsaslı həll təqdim edir. Platforma rəqəmsal əlçatanlıq proseslərini avtomatlaşdırmaqla yanaşı, SEO optimizasiyasını da paralel şəkildə həyata keçirir. Həll əsasən kiçik və orta biznes, korporativ təşkilatlar və rəqəmsal agentliklər üçün nəzərdə tutulub. corpowid.ai
Snackpack isə kafelər, otellər və çörək evlərindən satılmamış qalan məhsulları istehlakçılara endirimli qiymətə çatdıran mobil tətbiqdir. Tətbiq həm büdcəyə qənaət, həm də ərzaq tullantısının azaldılması məqsədini eyni anda həll edir. snackpack.az
Tada korporativ mühitdə əməkdaşların motivasiyası və mükafatlandırılması proseslərini data əsaslı yanaşma ilə optimallaşdırır. Platforma fərdiləşdirilmiş hədiyyə və bonus təklifləri təqdim edərək şirkətlərə işçi bağlılığını artırmaq, işəgötürən brendini gücləndirmək və uzunmüddətli saxlanmanı (retention) yaxşılaşdırmaq imkanı yaradır. tada.gifts
Menzil Park yaşayış komplekslərinin idarəçiliyini rəqəmsal formatda birləşdirən platformadır. Kommunal ödənişlər, sakinlərlə kommunikasiya, dayanacaq idarəetməsi və gündəlik əməliyyat proseslərini vahid rəqəmsal platformada birləşdirir. menzilpark.az
AYİB startaplara 2 il ərzində fərdi məsləhət, strateji yönləndirmə və maliyyələşdirmə imkanı təqdim edəcək. Proqram İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) və İsveçrənin Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

