28 oktyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının strateji tərəfdaşlığı ilə “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” mövzusunda 12-ci AMFA Konfransı keçirilib.
AMFA-nın 25 illik fəaliyyətinə həsr olunmuş konfransda dövlət qurumlarının, maliyyə institutlarının, beynəlxalq təşkilatların və özəl sektorun 200-dən çox nümayəndəsi iştirak edib.
Konfrans çərçivəsində maliyyə inklüzivliyi, investisiya imkanları, rəqəmsal transformasiya, süni intellektin tətbiqi, eləcə də kibertəhlükəsizlik, məlumatların məxfiliyi və kiberrisklərin idarə olunması mövzularında panel müzakirələri aparılıb.
Konfransın sonuncu paneli “Mikromaliyyədə rəqəmsal transformasiya və süni intellekt tətbiqləri” mövzusuna həsr olunub. AzFina-nın İdarə Heyətinin üzvü Rasim Xammədovun moderatorluğu ilə keçirilən paneldə Mərkəzi Bankın Məlumat Departamentinin direktoru Elmir Həsənli, Epoint-in baş icraçı direktoru Eynar Abdullayev, Azericard-ın İdarə Heyəti sədrinin müavini Zakir Əhmədov və CIBPAY şirkətinin direktoru Söhrab Fərhadov iştirak ediblər.
Müzakirələr zamanı süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsal transformasiya, innovativ maliyyə həlləri və yeni texnologiyaların yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirələri interaktiv formatda keçirilib, iştirakçıların, o cümlədən Cashless.az-ın ünvanladığı suallar spikerlər tərəfindən cavablandırılıb.


