Açıq Bankçılıq son illərdə maliyyə sektorunda ən çox müzakirə olunan rəqəmsal transformasiya istiqamətlərindən birinə çevrilib. Amma dünya təcrübəsi göstərir ki, bu model hər ölkədə eyni formada tətbiq olunmur.
Avropada Açıq Bankçılıq daha çox tənzimləyici çərçivə və məcburi standartlar üzərində qurulub. Böyük Britaniya bu sahədə standartlaşdırılmış modelə üstünlük verən aparıcı bazarlardan biri sayılır. Sinqapur və ABŞ kimi ölkələrdə isə proses daha çox bazar iştirakçılarının təşəbbüsü, API-lərin mərhələli açılması və fintex innovasiyalarının inkişafı ilə irəliləyir. Türkiyədə isə Açıq Bankçılıq ödəniş xidmətləri və hesab məlumatı xidmətləri üzrə hüquqi bazaya daxil edilib.
Yanaşmalar fərqli olsa da, əsas ideya dəyişmir: müştəri öz maliyyə məlumatlarına nəzarəti saxlayır, banklar və fintexlər isə həmin məlumatlardan yalnız istifadəçinin razılığı əsasında yeni rəqəmsal xidmətlər yaratmaq üçün istifadə edə bilir.
Azərbaycanda Açıq Bankçılıq modeli mərkəzləşdirilmiş qovşaq “Central Gateway” arxitekturası üzərində qurulur. Bu yanaşma banklar və digər maliyyə institutları arasında məlumat mübadiləsinin vahid platforma üzərindən aparılmasına imkan verir.
Beləliklə, iştirakçılar hər bir maliyyə qurumu ilə ayrıca inteqrasiya qurmaq əvəzinə mərkəzi qovşağa qoşulmaqla ekosistemlə əlaqə yarada bilirlər. Mərkəzi Bankın mövqeyinə görə, bu model texnoloji və hüquqi baryerlərin azalmasına xidmət edir.
Mərkəzi Bankın Cashless.az-a açıqlamasına görə, hazırda layihə bankların inteqrasiyasının tamamlanması və lisenziyalaşdırılmış elektron pul və ödəniş təşkilatlarının sistemə funksional qoşulması mərhələsindədir.
Qurumun məlumatına əsasən, hazırda 20 bank, 3 elektron pul təşkilatı və 1 poçt operatoru Açıq Bankçılıq vasitəsilə hesab məlumatlarını paylaşan tərəf kimi ekosistemdə iştirak edir. 8 bank isə bu məlumatları vətəndaşlara öz rəqəmsal kanalları üzərindən təqdim edən tərəf kimi sistemə qoşulub.
Mərkəzi Bankdan bildirilib ki, maliyyə institutları bu yeni infrastruktur imkanlarından istifadə edərək bazara ilk innovativ rəqəmsal məhsullarını təqdim etməyə başlayıblar.
Açıq Bankçılıq vətəndaşlara müxtəlif banklardakı hesablarını seçdikləri bank və ya fintex tətbiqi üzərindən bir arada izləmək və idarə etmək imkanı yaradır. Bu model vasitəsilə istifadəçilər balans, əməliyyat tarixçəsi, rekvizitlər və verilmiş razılıqlar kimi maliyyə məlumatlarını daha rahat əldə edə bilirlər.
Mərkəzi Bank qeyd edir ki, müştərinin razılığı əsasında onun real maliyyə davranışının təhlili risk profilinə uyğun daha fərdiləşdirilmiş məhsul və xidmətlərin təklif olunmasına şərait yaradacaq.
Bununla yanaşı, gələcəkdə onlayn platformalarda alış-veriş zamanı kart məlumatlarını daxil etmədən, müştərinin təsdiqi əsasında bank hesabından birbaşa təhlükəsiz və sürətli ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur.
Hazırda Açıq Bankçılıq xidmətləri yalnız fiziki şəxslər üçün istifadəyə verilib. Bununla belə, gələcək mərhələlərdə hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin də bu imkanlardan yararlanması planlaşdırılır.
Mərkəzi Bankın cavabında qeyd olunur ki, xüsusilə kiçik və orta sahibkarlar hesabdan-hesaba birbaşa ödəniş modelləri sayəsində ənənəvi ekvayrinq xərclərini azalda biləcəklər. Eyni zamanda, şirkətlər müxtəlif banklardakı hesablarının vəziyyətini vahid panel üzərindən real vaxt rejimində izləyərək maliyyə vəsaitlərini daha effektiv idarə etmək imkanı əldə edəcəklər. Bundan əlavə, şirkətlərin maliyyə məlumatlarının onların razılığı əsasında paylaşılması kredit və digər maliyyə xidmətlərinə çıxışı asanlaşdıra bilər. Bu isə bankların biznes müştərilər üçün daha fərdiləşdirilmiş və sərfəli təkliflər təqdim etməsinə şərait yaradacaq.

