Cashless.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Milli Kibertəhlükəsizlik Agentliyi publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi də təsdiqlənib.
Yeni qurum ölkədə kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edəcək, dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunmasına dəstək verəcək.
Agentliyin fəaliyyət istiqamətlərinə kibertəhdidlərin monitorinqi və təhlili, kiberinsidentlərin aşkarlanması və araşdırılması, dövlət qurumları və digər kritik infrastruktur subyektləri üçün metodoloji dəstəyin göstərilməsi daxildir. Həmçinin qurum kibertəhlükəsizlik üzrə standartların tətbiqi, risklərin qiymətləndirilməsi, maarifləndirmə tədbirlərinin təşkili və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Agentliyin idarə olunması İdarə Heyəti tərəfindən həyata keçiriləcək. İdarə Heyəti sədr və onun üç müavinindən ibarət olacaq. Agentlik Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək.

