Azərbaycanın aparıcı prosessinq mərkəzlərindən biri olan Azərikard ödəniş infrastrukturunun yeni nəsil texnoloji platformaya miqrasiyasını uğurla başa çatdırdığını açıqlayıb.
Məlumata görə, strateji əhəmiyyət daşıyan layihə şirkətin rəqəmsal transformasiya proqramının mühüm mərhələlərindən biri olmaqla, ödəniş xidmətlərinin dayanıqlılığının, məhsuldarlığının və gələcək inkişaf imkanlarının genişləndirilməsinə xidmət edir.
Azərikard tərəfindən həyata keçirilən transformasiya layihəsi çərçivəsində mövcud prosessinq mühiti tamamilə yenilənmiş texnoloji platforma üzərinə köçürülüb. Layihənin əsas məqsədi əməliyyatların daha sürətli emalını təmin etmək, sistem resurslarından istifadənin səmərəliliyini artırmaq, infrastrukturun miqyaslana bilməsini təmin etmək və tərəfdaş maliyyə institutlarına daha yüksək keyfiyyətli xidmət təqdim etmək olub.
Şirkətin bildirdiyinə görə, miqrasiya prosesi beynəlxalq təcrübə və qabaqcıl texnoloji standartlar əsasında planlaşdırılıb, bütün mərhələlər risklərin idarə edilməsi prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Layihə müddətində əməliyyatların fasiləsizliyi qorunub, xidmətlərin əlçatanlığı və təhlükəsizliyi təmin edilib.
Yeni platformanın tətbiqi nəticəsində:
- əməliyyatların emal sürəti artırılıb;
- yüksək tranzaksiya yükləri zamanı sistem performansı optimallaşdırılıb;
- infrastrukturun dayanıqlılığı və etibarlılığı yüksəldilib;
- sistem resurslarından daha səmərəli istifadə imkanları yaradılıb;
- gələcək məhsul və xidmətlərin inteqrasiyası üçün çevik texnoloji baza formalaşdırılıb;
- əməliyyat riskləri azaldılıb və xidmət davamlılığı gücləndirilib;
- tərəfdaş bankların və maliyyə institutlarının artan tələblərinə uyğunlaşma imkanları genişləndirilib.
Qeyd olunur ki, layihənin uğurla reallaşdırılması nəticəsində Azərikard-ın xidmət göstərdiyi banklar və maliyyə təşkilatları daha sürətli, daha stabil və etibarlı əməliyyat mühitindən faydalanmaq imkanı əldə edib. Yeni platforma həm cari biznes ehtiyaclarını qarşılamaq, həm də gələcək illərdə gözlənilən tranzaksiya həcmi artımlarını dəstəkləmək üçün nəzərdə tutulub.
Azərikard-ın Baş direktoru Fərid Quliyevin sözlərinə görə, həyata keçirilən transformasiya layihəsi şirkətin innovasiya strategiyasının mühüm tərkib hissəsidir və ölkənin rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır. O bildirib ki, şirkət bundan sonra da müasir texnologiyalara investisiya qoymağa, xidmət keyfiyyətini yüksəltməyə və tərəfdaşlarına qabaqcıl həllər təqdim etməyə davam edəcək.
Məlumat üçün bildirək ki, Azərikard banklara, maliyyə institutlarına və digər tərəfdaş qurumlara kart əməliyyatlarının emalı, elektron ödəniş sistemləri, rəqəmsal bankçılıq həlləri və digər texnoloji xidmətlər təqdim edir.

