30 mart 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasında Mərkəzi Bank tərəfindən təsdiq edilmiş məsafədən hesab açılması qaydaları qüvvəyə minib. Qüvvəyə yeni minən qərarla bağlı “AzInTelecom”un media üzrə məsul şəxsi Amin Nəzərli Cashless.az-ın suallarını cavablandırıb. Həmin cavabları təqdim edirik.
1. Məsafədən hesabların açılması imkanı maliyyə xidmətlərindən az istifadə edən və nağd formatda hesablaşan şəxslərin rəqəmsal maliyyə sisteminə qoşulmasını sürətləndirə biləcəkmi?
– Məsafədən hesabların açılması imkanı sadalanan kateqoriyalara aid şəxslərin rəqəmsal maliyyə sisteminə inteqrasiyasını sürətləndirə bilər. Bu yanaşma xidmətlərə çıxışı asanlaşdırır, vaxt və məsafə məhdudiyyətlərini azaldır, həmçinin daha geniş əhali qruplarının formal maliyyə alətlərindən istifadəsini təşviq edir. Nəticədə maliyyə inklüzivliyi artır, nağd dövriyyənin azalması və rəqəmsal ödəniş vərdişlərinin formalaşması üçün əlverişli şərait yaranır.
2. Müştərinin eyniləşdirilməsi istiqamətində banklarla fintex şirkətləri arasında əməkdaşlıq imkanları yarana bilərmi?
– Yarana biləcək əməkdaşlıq rəqəmsal identifikasiya, məlumatların verifikasiyası kimi proseslərinin daha sürətli, çevik və təhlükəsiz təşkili baxımından əlavə dəyər yarada bilər. Nəticədə, həm müştəri təcrübəsi yaxşılaşar, həm də tənzimləyici tələblərə uyğunluq daha səmərəli şəkildə təmin olunar.

