ABŞ-də iki konqres üzvü rəqəmsal aktivlərin vergi rejimini yenidən tənzimləməyi nəzərdə tutan müzakirə layihəsini təqdim edib.
Cashless.az xəbər verir ki, “Digital Asset PARITY Act” adlanan sənəd Max Miller və Steven Horsford tərəfindən hazırlanıb.
Layihəyə əsasən, ABŞ dollarına indekslənmiş “stablecoin”lər müəyyən şərtlərlə vergi tətbiqindən kənarda saxlanılır. Belə ki, əgər “stablecoin”in qiyməti 1 dollardan 1%-dən çox kənara çıxmırsa, bu aktivlər üzrə əməliyyatlar kapital qazancı hesabına daxil edilmir. Lakin “Bitcoin” üçün analoji vergi güzəşti nəzərdə tutulmur.
Sənəddə həmçinin 200 dollardan aşağı “stablecoin” əməliyyatları üçün “minimum hədd” güzəşti təklif edilir. Bu həddən aşağı əməliyyatlar vergi və hesabat öhdəliyi yaratmır. İllik ümumi güzəşt limiti isə hələ müəyyən edilməyib.
Digər tərəfdən, kripto aktivlərin borc verilməsi, staking və passiv validator xidmətlərindən əldə olunan gəlirlər cari bazar dəyəri ilə ümumi gəlir kimi vergiyə cəlb olunur. Layihə hələlik Konqresə təqdim edilməyib və ictimaiyyətin, eləcə də sektor nümayəndələrinin müzakirəsinə açıqdır.
Qeyd edək ki, “Bitcoin” tərəfdarları layihəni tənqid edir. Belə ki, “Bitcoin Bond Company”nin CEO-su Pierre Rochard bildirib ki, minimum vergi güzəşti yalnız “stablecoin”lərə tətbiq olunur və bu, düzgün yanaşma deyil. Onun fikrincə, bu cür güzəşt “Bitcoin” üçün də nəzərdə tutulmalıdır. Bu mübahisə təkcə “PARITY Act” ilə məhdudlaşmır. Kripto bazarının strukturunu tənzimləməyi hədəfləyən “CLARITY” adlı digər qanun layihəsində də “Bitcoin” üçün minimum vergi güzəşti nəzərdə tutulmayıb.

