24–25 noyabr 2026-cı il tarixlərində Bakıda Mastercard-ın strateji tərəfdaşlığı ilə X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) keçiriləcək.
Cashless.az xəbər verir ki, “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusuna həsr olunan forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası və digər yerli və beynəlxalq tərəfdaşların dəstəyi ilə təşkil olunacaq.
Regionun bank və maliyyə sektorunun aparıcı tədbirlərindən biri hesab edilən forum bank rəhbərlərini, tənzimləyici qurumların nümayəndələrini, fintex şirkətlərini, beynəlxalq maliyyə institutlarını və sahə üzrə ekspertləri bir araya gətirəcək.
Tədbirdə regional və beynəlxalq maliyyə əməkdaşlığının genişləndirilməsi, xüsusilə türk dövlətləri arasında maliyyə inteqrasiyasının gücləndirilməsi, banklar və maliyyə institutları arasında birbaşa əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi əsas müzakirə istiqamətlərindən olacaq.
Forumun əsas proqramı ilə yanaşı, iştirakçılar arasında təcrübə mübadiləsini və yeni işgüzar əlaqələrin qurulmasını təşviq edən tematik görüşlər, seminarlar, vebinarlar və müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Bankçılıq Forumu bu il onuncu dəfə təşkil olunacaq.
Forum haqqında ətraflı məlumatı rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

