Rusiya maliyyə bazarı iştirakçıları “Antifrod 2.0” qanun layihəsində nəzərdə tutulan yeni tələblərə qarşı çıxıb. Layihəyə əsasən, müştərilərin həyata keçirdiyi elektron kommersiya əməliyyatlarının təsdiqi eyni vaxtda həm SMS, həm də MAX messenceri vasitəsilə aparılmalıdır.
Milli Maliyyə Bazarları Şurası (MMBŞ) bu tələbin hüquqi baxımdan artıq və iqtisadi cəhətdən əsaslandırılmamış olduğunu bildirərək Mərkəzi Bank və hökumətə müraciət edib. Bank sektorunun fikrincə, ikiqat təsdiq mexanizmi təhlükəsizliyi artırmayacaq, bunun əvəzinə sektora əlavə maliyyə yükü yaradacaqdır.
Maliyyə qurumları hesab edir ki, yeni tələblər milyardlarla rubl əlavə xərcə səbəb ola, xidmətlərin rentabelliyini azalda və nəticədə müştərilər üçün tariflərin artmasına gətirib çıxara bilər. Bundan əlavə, layihədə alternativ identifikasiya üsullarının nəzərə alınmaması da narahatlıq doğurur.
Banklar MAX messencerindən məcburi istifadəni texniki risk kimi qiymətləndirir. Bildirilir ki, sistemdə mümkün texniki nasazlıq və ya kiberhücum halları əməliyyatların dayandırılmasına səbəb olacaq.
MMBŞ həmçinin mobil operatorların OTP təsdiq kodlarının göndərilməsi xidmətlərinin ödənişsiz olması və ya tariflərin dövlət tərəfindən tənzimlənməsi məsələsinin qanunvericilikdə aydın şəkildə müəyyən edilməsini təklif edir.

