“Cashback” adətən karta və ya hesaba oturan, xərclədiyin məbləğin bir hissəsinin real pul kimi qaytarılması, real pul ekvivalentidir. Müştəri bu məbləği, həm nağdlaşdıra, həm də başqa ödənişləri etmək üçün istifadə edə bilər. Məsələn, bankın şərtlərindən asılı olaraq 100 AZN-lik alış-verişə görə 1-5 AZN arasında “cashback” almaq mümkündür. Bonuslar isə bank və ya şirkət tərəfindən verilən şərti mükafatdır və çox zaman yalnız müəyyən yerlərdə və ya kampaniyada istifadə olunur. Yəni, bonuslar nağdlaşdırmağın olmadığı və məhdud müddətli istifadə edilən (məsələn, şərtlərdən asılı olaraq 30 günə istifadə etməlisən kimi) “bal” və “xal”lardır. Son illər bank sektorunda diqqət çəkən dəyişikliklərdən biri “cashback” proqramlarının tədricən azalması və onların yerini bonus sistemlərinin tutmasıdır. Bir vaxtlar müştərilər üçün əsas üstünlük sayılan “cashback” artıq əvvəlki qədər geniş yayılmır. Hətta bəzi banklar mayın əvvəlindən bonus modelinə keçəcəkləri ilə bağlı müştərilərinə bildiriş göndəriblər. Bəs banklar niyə bu modeldən uzaqlaşır? Cashless.az bunun səbəbini araşdırmağa çalışıb.
Bunun əsas səbəbi isə bu modelin banklar üçün getdikcə daha baha başa gəlməsidir. “Cashback” müştəri üçün cəlbedici olsa da, bank üçün birbaşa xərcdir. Müştəri hər ödənişdə müəyyən faiz geri aldıqda, bu məbləğ bankın vəsaiti hesabına ödənilir. Xüsusilə nağdsız ödənişlərin həcmi artdıqca və müştərilər daha çox kart istifadə etdikcə, bankların “cashback” xərcləri də sürətlə yüksəlir. Təkcə bu statistikanı göstərmək olar ki, 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,2 milyard manat təşkil edib. Xatırlayırsınızsa, banklar “cashback” vasitəsilə insanları karta keçirməyə çalışırdı. Məntiq çox sadə idi. “Kartla ödə, pulunun bir hissəsini geri al”. Bu yanaşma xüsusilə ilk mərhələdə çox effektiv oldu, çünki insanlar real pul qazandıqlarını gördükcə nağd ödənişdən uzaqlaşmağa başladılar. Amma zamanla bazar dəyişdi. Artıq insanlar karta öyrəşib, nağdsız ödənişlər gündəlik vərdişə çevrilib. Yəni, rəqəmlərdən də görünür ki, “stimullaşdırmağa” o qədər də ehtiyac qalmayıb.
Rəqabət mühitində bəzi bankların daha yüksək faizlər təklif etməsi isə bu yükü daha da artırır və nəticədə bu model uzunmüddətli baxımdan banklar üçün sərfəli olmur. Məhz bu səbəbdən banklar daha çevik və nəzarət edilə bilən alternativlərə yönəlir. Bonus sistemi belə alternativlərdən biridir. Bu modeldə müştəriyə verilən mükafat real pul şəklində deyil, yalnız müəyyən şərtlərlə istifadə edilə bilən xallar formasında təqdim olunur. Bu isə banklara, həm xərcləri azaltmağa, həm də müştərinin davranışını yönləndirməyə imkan verir. Belə ki, bonuslar adətən yalnız partnyor mağazalarda keçərli olur və ya müəyyən müddət ərzində istifadə edilməlidir. Nəticədə bank, həm müştərini öz tərəfdaş şəbəkəsinə yönəldir, həm də vəsaitin sistemdən çıxmasının qarşısını alır.
Digər tərəfdən, bonus sistemi banklara marketinq baxımından da üstünlüklər verir. Onlar kampaniyaları daha konkret sahələrə yönəldə, müəyyən kateqoriyalarda xərcləri təşviq edə və müştəri seqmentlərinə uyğun fərqli təkliflər hazırlaya bilirlər. “Cashback”də isə bu cür dəqiqlik və nəzarət imkanları daha məhdud olur.
Bütün bunlara baxmayaraq, ekspertlərin fikrincə “cashback”in tamamilə yox olacağı gözlənilmir. Rəqabət və müştəri tələbi səbəbindən banklar hələ də müəyyən kampaniyalar çərçivəsində “cashback” təklif etməyə davam edəcək. Lakin ümumi tendensiya göstərir ki, banklar getdikcə daha çox bonus əsaslı modellərə üstünlük verir və bu, yaxın dövrdə də davam edə bilər.

