Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində banklar və digər dövlət qurumları ilə birgə fəaliyyət göstərir.
Bu barədə Cashless.az-a açıqlamasında Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktor müavini Abid Ələsgərzadə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankda dələduzluqla mübarizə (antifrod) məsələləri üzrə ixtisaslaşmış komanda fəaliyyət göstərir. Bu istiqamətdə müvafiq strategiya çərçivəsində tədbirlər planı hazırlanıb və banklarla əməkdaşlıq, eləcə də digər dövlət qurumları ilə koordinasiyalı iş aparılır.
O, həmçinin dələduzluq halları ilə bağlı məlumatların müxtəlif mənbələrdən toplanaraq ümumiləşdirildiyini, ictimaiyyətə açıq statistik göstəricilərin isə Mərkəzi Bankın saytında və rüblük hesabatlarında dərc olunduğunu bildirib.
Vətəndaşların maliyyə təhlükəsizliyinə toxunan Abid Ələsgərzadə kart məlumatlarının üçüncü şəxslərlə paylaşılmamasının vacibliyini xüsusi vurğulayıb:
“Bank sizdən heç bir zaman məxfi məlumatınızı, kart məlumatlarınızı istəmir. Əgər sizdən kimsə kartın məxfi məlumatlarını, CVV nömrələrini və digər nömrələrini istəyirsə, bununla bağlı iki dəfə düşünməlisiniz”.
Abid Ələsgərzadə vətəndaşları bankların təhlükəsizlik tövsiyələrinə əməl etməyə və keçirilən maarifləndirmə tədbirlərindən yararlanmağa çağırıb.

