Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tam xidmətli kommersiya bankı olan “Əbu-Dabi Kommersiya Bankı” (ADCB) Qazaxıstanda törəmə bank yaratmaq üçün ölkənin Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən icazə alıb.
Cashless.az xəbər verir ki, ADCB BƏƏ-nin ən böyük banklarından biridir və “Fitch Ratings” tərəfindən sabit proqnozla A+/F1 reytinqinə malikdir.
Bank BƏƏ hökumətinə məxsus olan “Mubadala Investment Company” tərəfindən idarə olunur. 2025-ci ilin sonuna olan məlumata görə, bankın aktivləri 210 milyard ABŞ dollarını ötüb, kapitalı 24 milyard dollar, xalis mənfəəti isə 3 milyard dollar təşkil edib.
Planlara əsasən, ADCB Qazaxıstandakı törəmə bankın yeganə səhmdarı olacaq və nizamnamə kapitalını, strateji idarəetməni və əməliyyat dəstəyini təmin edəcək. Lisenziya əldə edildikdən sonra yeni bankın tam spektrdə bank xidmətləri təqdim etməsi gözlənilir. Eyni zamanda, “İslam pəncərəsi” mexanizmi vasitəsilə İslam maliyyəsinin inkişafı da nəzərdə tutulur.
Məlumata görə, ADCB-nin bazara daxil olması bank qanunvericiliyinin liberallaşdırılmasına yönəlmiş islahatların tərkib hissəsidir və ölkə prezidentinin sektorda rəqabətin artırılması ilə bağlı tapşırıqlarına uyğundur.

