Çin transsərhəd ödənişlər üçün rəqəmsal valyutalara əsaslanan mBridge platformasını kommersiya istifadəsinə hazırlayır.
Cashless.az xəbər verir ki, platforma mərkəzi bankların rəqəmsal valyutaları CBDC-lər vasitəsilə beynəlxalq hesablaşmaların aparılmasını nəzərdə tutur. Layihənin məqsədi transsərhəd ödənişləri daha sürətli və daha aşağı xərcli etməkdir.
mBridge blokçeyn texnologiyası əsasında işləyir və rəqəmsal yuan da daxil olmaqla mərkəzi bank rəqəmsal valyutalarının beynəlxalq hesablaşmalarda istifadəsinə imkan verir. Layihənin hazırlanmasında Çinlə yanaşı, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da iştirak edir.
Məlumata görə, platformanın fəaliyyətinə nəzarət üçün Honkonqda ayrıca təşkilatın yaradılması nəzərdə tutulur. Kommersiya istifadəsinə başlanılacağı dəqiq tarix açıqlanmasa da, hazırlıq prosesinin aktiv mərhələdə olduğu bildirilir.
mBridge üzrə komissiyaların ənənəvi beynəlxalq ödəniş sistemləri ilə müqayisədə təxminən iki dəfə aşağı olacağı qeyd olunur. Analitiklər hesab edirlər ki, platforma xüsusilə beynəlxalq ödənişləri bahalı və mürəkkəb hesab edən kiçik bizneslər üçün maraqlı ola bilər.
Qeyd edək ki, 2024-cü ildə mBridge vasitəsilə rəqəmsal dirhəmlə ilk transsərhəd ödəniş sınağı həyata keçirilib. Həmin əməliyyat çərçivəsində BƏƏ-dən Çinə 50 milyon rəqəmsal dirhəm, yəni təxminən 13,6 milyon ABŞ dolları köçürülüb.
Hazırda mBridge platforması üzərindən aparılan transsərhəd hesablaşmaların həcminin 470 milyard yuana, yəni təxminən 69 milyard ABŞ dollarına çatdığı bildirilir.
Bu proses fonunda yuanın beynəlxalq ödənişlərdə payı da diqqət mərkəzindədir. SWIFT üzrə məlumatlara əsasən, aprel ayında yuanın qlobal ödənişlərdə payı 2,85 % təşkil edib. Müqayisə üçün, dollar 50,61 % payla birinci, avro isə 21,6 % payla ikinci yerdə qərarlaşıb. Onlardan sonra Britaniya funtu 6,95 %, Yaponiya yeni 3,82 %, Kanada dolları isə 2,89 % payla ilk beşliyi tamamlayıb.

