Binance, USDC steyblkoininin emitenti Circle Internet Group-a 100 milyon ABŞ dolları investisiya edib. Tərəflər eyni zamanda strateji əməkdaşlıqlarını daha 5 il müddətinə uzadıblar.
Razılaşma çərçivəsində Binance qlobal platformasında USDC-yə çıxışı genişləndirməyi, xüsusilə inkişaf etməkdə olan bazarlarda onun istifadəsini artırmağı planlaşdırır. Circle isə USDC-nin saxlanılması və istifadəsi üçün zəruri infrastruktur dəstəyini davam etdirəcək.
İnvestisiya çərçivəsində Binance Circle-ın A sinif səhmlərini özəl yerləşdirmə yolu ilə 100 milyon dollara alıb. Səhmlərin alış qiyməti əqdin bağlanmasından əvvəlki bazar qiymətindən 5% aşağı müəyyən edilib.
Binance rəhbəri Richard Teng bildirib ki, investisiya və tərəfdaşlığın uzadılması şirkətin steyblkoinlərin və rəqəmsal dollar infrastrukturunun uzunmüddətli potensialına inamını əks etdirir.
Circle-ın həmtəsisçisi və CEO-su Jeremy Allaire isə qeyd edib ki, əməkdaşlıq USDC-nin daha geniş istifadəçi auditoriyasına çatdırılmasına, yeni yığım və investisiya alətlərinin inkişafına, eləcə də inkişaf etməkdə olan bazarlarda rəqəmsal maliyyə həllərinin genişləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, USDC Circle tərəfindən buraxılan və ABŞ dollarına bağlı steyblkoinlərdən biridir.

