Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance genişmiqyaslı kiberhücuma məruz qalıb. Hadisə nəticəsində təxminən 6,3 milyard ABŞ dolları dəyərində kriptoaktivin icazəsiz köçürüldüyü bildirilir.
Cashless.az xəbər verir ki, Binance-in ilkin araşdırmasına əsasən, hücum şirkətin DevOps mühəndislərindən birinin kompüterinin ələ keçirilməsi ilə bağlı ola bilər. Hücumçular bu yolla xidmət konteynerinə giriş əldə edərək icazəsiz vəsait çıxarılması əməliyyatları həyata keçiriblər. Şirkət kriptocüzdanların məxfi açarlarının sızmasına dair sübut aşkarlamadığını bildirib.
Hadisədən sonra görülən tədbirlər nəticəsində təxminən 3 milyard dollarlıq aktiv dondurulub. Binance bütün itkilərin SAFU ehtiyat fondu və şirkətin öz vəsaitləri hesabına qarşılanacağını, istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu açıqlayıb.
Hazırda platformaya vəsait yatırılması normal davam etsə də, vəsait çıxarılması müvəqqəti dayandırılıb. Şirkət bu xidmətin növbəti 48 saat ərzində bərpasına başlanılacağını bildirib.
Blokçeyn analitikası şirkəti TRM Labs hücumu Şimali Koreya ilə əlaqələndirilən “TraderTraitor” haker qrupuna aid edir. Binance isə hücumçuların kimliyini hələ rəsmi olaraq təsdiqləməyib.
TRM Labs-ın məlumatına görə, aktivlər 10 blokçeyn şəbəkəsi üzərindən çıxarılıb. Oğurluğun yekun məbləği təsdiqlənərsə, hadisə kriptovalyuta sektorunun tarixində ən böyük oğurluq kimi qeydə alınacaq.

