Bir ekosistemi “Istanbul Fintech Week” çərçivəsində keçirilən “Digital Banking Summit”də Azərbaycanın rəqəmsal bankçılıq təcrübəsini təqdim edib.
Tədbirdə çıxış edən Bir ekosisteminin Fintex biznesinin rəhbəri və Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev ənənəvi bank modelindən vahid rəqəmsal ekosistemə keçid təcrübəsindən danışıb. O bildirib ki, Bir bankçılıq, ödəniş və elektron ticarət xidmətlərini vahid ekosistemdə birləşdirərək 5 milyondan çox istifadəçiyə xidmət göstərir.
Panel müzakirəsi zamanı Bir ekosisteminin Birbank, Birmarket, m10 və Milliön kimi platformaları vahid rəqəmsal mühitdə birləşdirdiyi qeyd olunub. Bir ID, Bir Bonus və Bir Pay həlləri isə istifadəçilərin bu xidmətlər arasında daha rahat keçid etməsinə və müxtəlif ödəniş imkanlarından yararlanmasına şərait yaradır.
Cavid Mirzəyevin sözlərinə görə, hazırda müştərilərin 90%-i gündəlik bank əməliyyatlarını Birbank tətbiqi vasitəsilə həyata keçirir. Müştəri müraciətlərinin 60%-i isə əməkdaş müdaxiləsi olmadan süni intellekt vasitəsilə həll edilir. Ötən il bu göstərici 31% olub. “Ənənəvi banklar fintex şirkətlərinin rəqabəti qarşısında mövqelərini itirməyə məhkum deyil. Müştərilərin real ehtiyaclarına uyğunlaşaraq rəqəmsal transformasiyaya özləri də liderlik edə bilərlər”, – Cavid Mirzəyev bildirib.

