“Bir” ekosistemi Çinin “UnionPay” beynəlxalq ödəniş sistemi ilə strateji tərəfdaşlığa başlayıb.
Cashless.az xəbər verir ki, əməkdaşlıq “UnionPay” kartlarının Azərbaycanda qəbul imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Tərəfdaşlığın birinci mərhələsi artıq tamamlanıb. Bu mərhələdən sonra “UnionPay” kart sahibləri Azərbaycanda 1 000-dən çox onlayn ticarət məntəqəsində alış-veriş edə və “Birbank”ın 1 300-ə yaxın bankomatından nağd vəsait çıxara bilirlər.
Növbəti mərhələdə “UnionPay” kartlarının “Birbank”ın POS-terminal şəbəkəsində də qəbul edilməsi planlaşdırılır. Bu, kart sahiblərinə Azərbaycanda fiziki ticarət və xidmət məntəqələrində təmassız və çipli ödənişlər etməyə imkan verəcək.
Bundan əlavə, “Birbank” istifadəçilərinin “UnionPay” kartlarına pul köçürməsi də mümkün olacaq. Layihə tam tətbiq edildikdən sonra “Bir” ekosistemi “UnionPay”i bankomat, e-ticarət, POS-terminal və mobil POS kanalları üzrə dəstəkləyəcək.
Qeyd edək ki, “Bir” ekosisteminə “Birbank”, “Birmarket”, “MilliÖn” və m10 daxildir. Ekosistem hazırda 5 milyondan çox istifadəçiyə xidmət göstərir.

