Sosial şəbəkələrdə “BirBank Play” adlı tətbiq vasitəsilə mərc və kazino oyunlarının sponsorlu reklamları və saxta keçidləri yayılır.
Cashless.az xəbər verir ki, tətbiqin Birbank ilə əlaqəli olduğu görüntüsü yaradılır. İstifadəçilər saxta kampaniyalar, bonus və uduş vədləri ilə aldadılmağa çalışılır.
Birbank-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bu platforma ilə bankın heç bir əlaqəsinin olmadığı və bunun dələduzlar tərəfindən edilən növbəti “fişinq” halı olduğu deyildi.
“Kiberdələduzlar hər keçən gün şəxsi məlumatları ələ keçirmək üçün yeni üsullara əl atırlar. Müştərilərimizi belə kiberhücumlardan qorumaq məqsədilə daim xüsusi təhlükəsizlik tədbirləri həyata keçiririk. Bununla belə tam təhlükəsizlik üçün birlikdə addımlamaq zəruridir. Müştərilərimizə bir daha bildiririk ki, etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olsunlar və yalnız bankımızın təsdiqlənmiş rəsmi sosial şəbəkə hesablarında paylaşılan məlumatlara güvənsinlər” – deyə bankdan bildirilib.
Qeyd edək ki, qanunvericiliyinə görə, mərc oyunlarının təşkili yalnız müvafiq qaydada akkreditasiyadan keçmiş strukturlar tərəfindən həyata keçirilə bilər.



