Kriptovalyutalara marağın artması ilə yanaşı, bu aktivlərin təhlükəsiz, şəffaf və yerli tələblərə uyğun şəkildə alınıb-satılması məsələsi də aktuallaşır. Bu baxımdan yerli kriptobirjaların fəaliyyəti həm istifadəçilər, həm də tənzimləyici qurumlar üçün yeni təcrübə yaradır.
Azərbaycanda kriptovalyuta xidmətlərinin yerli bazarda hansı formada təqdim oluna biləcəyi və istifadəçilərin bu xidmətlərə münasibəti xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqdan keçirilir.
Mərkəzi Bankın nəzarəti altında həyata keçirilən bu rejim innovativ maliyyə məhsullarının məhdud istifadəçi qrupu ilə real bazar şəraitində yoxlanmasına imkan yaradır. BitAZN-in kriptovalyuta birjası layihəsi də bu rejim çərçivəsində sınaqdan keçirilir.
Sınaq dövrünün gedişatı və əldə olunan nəticələr barədə BitAZN komandası ilə danışdıq.
1. BitAZN-in sınaq dövrü necə keçir və hansı nəticələr əldə olunub?
Bizim üçün sınaq dövrü sadəcə platformanın texniki tərəflərini yoxlamaqdan ibarət deyil. Bu müddət ərzində istifadəçilərin platformadan necə istifadə etdiyini, hansı ehtiyacların önə çıxdığını və hansı məqamlarda çətinlik yaşandığını daha yaxından görmək imkanımız olub. İstifadəçilərdən daxil olan rəy və təklifləri davamlı nəzərdən keçirir və platformanın inkişafında nəzərə alırıq.
Əsas prioritetlərdən biri istifadəçi təcrübəsini daha rahat və çevik etməkdir. Bunun konkret nəticələrindən biri günlük çıxarış limitlərinin artırılması olub. Xüsusilə daha aktiv əməliyyat aparan istifadəçilərdən bu istiqamətdə müraciətlər gəlirdi və biz də bunu nəzərə alaraq limitləri artırdıq.
Bu müddətdə bizim üçün əsas prioritetlərdən biri istifadəçi təcrübəsini daha rahat və çevik etmək olub. Bunun konkret nəticələrindən biri də günlük çıxarış limitlərinin artırılmasıdır. Xüsusilə daha aktiv əməliyyat aparan istifadəçilərdən bu istiqamətdə tələblər gəlirdi və biz də bunu nəzərə alaraq limitləri artırdıq.
Eyni zamanda, platformada təqdim olunan aktivlərin çeşidini mərhələli şəkildə genişləndiririk. Müxtəlif səhmlərin və qızılın BitAZN-ə əlavə olunması da bu istiqamətdə atılan addımlardandır. Məqsəd istifadəçilərə fərqli investisiya ehtiyaclarına uyğun daha geniş seçim imkanı təqdim etməkdir.
Sınaq dövrünə yekun məhsul mərhələsi kimi deyil, istifadəçi rəyləri əsasında platformanın formalaşdığı inkişaf prosesi kimi baxırıq.
2. Mərkəzi Bankla iş prosesi necə qurulub?
BitAZN hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının Xüsusi Tənzimləmə Rejimi — Sandbox çərçivəsində fəaliyyət göstərir. Bu da fəaliyyətimizin müəyyən olunmuş tələblər və nəzarət mexanizmləri çərçivəsində həyata keçirilməsi deməkdir.
Mərkəzi Bankla iş prosesi sistemli şəkildə qurulub. Müəyyən məlumatlar və fəaliyyət göstəriciləri Mərkəzi Bankın xüsusi BSMX portalı vasitəsilə mütəmadi təqdim olunur. Buraya günlük hesabatlar da daxildir. Bu hesabatlılıq platformada gedən proseslərin izlənilməsinə və sınaq dövrünün nəticələrinin operativ qiymətləndirilməsinə imkan verir.
Bu prosesi yalnız tənzimləyici tələbin yerinə yetirilməsi kimi qiymətləndirmirik. Rəqəmsal aktivlər Azərbaycanda nisbətən yeni istiqamət olduğundan şəffaflıq və tənzimləyici ilə davamlı dialoq xüsusi əhəmiyyət daşıyır.
Sandbox rejimi BitAZN-ə nəzarət olunan mühitdə inkişaf etmək, real bazar təcrübəsi toplamaq və gələcək fəaliyyət modeli üçün praktiki baza formalaşdırmaq imkanı verir.
3. İstifadəçilərin ən çox hansı ehtiyacları və çətinlikləri üzə çıxıb?
İstifadəçilərin ən böyük problemlərindən biri AZN ilə rəqəmsal aktivlər arasında birbaşa və rahat keçidin olmaması idi. Yerli istifadəçi kripto almaq və ya vəsaitini geri çıxarmaq istəyəndə çox vaxt bir neçə fərqli platformadan, əlavə konvertasiyalardan və vasitəçi üsullardan istifadə etməli olurdu.
BitAZN-i yaradarkən diqqət etdiyimiz əsas boşluqlardan biri də məhz bu idi. İstifadəçinin AZN ilə birbaşa mədaxil etməsi, platformada əməliyyat aparması və vəsaitini yenidən AZN ilə məxaric etməsi prosesini mümkün qədər sadələşdirməyə çalışırıq.
Kripto özü bir çox istifadəçi üçün yeni və bəzən mürəkkəb görünən sahədir. Əlavə konvertasiya, xarici platformalar və çoxmərhələli ödəniş prosesi isə istifadəçi təcrübəsini daha da çətinləşdirir.
Sınaq müddətində bir daha gördük ki, istifadəçilərin əsas ehtiyacı yalnız alıb-satmaq deyil, ənənəvi maliyyə sistemi ilə rəqəmsal aktivlər arasında rahat keçidin olmasıdır. BitAZN də məhz bu prosesi yerli istifadəçi üçün sadələşdirməyə çalışır.
4. Sınaq dövründən sonra BitAZN-i nələr gözləyir?
Sınaq dövrünü BitAZN üçün son mərhələ kimi deyil, gələcək fəaliyyətin əsasını formalaşdıran mərhələ kimi qiymətləndiririk. Sınaq müddətinin uzadılması istifadəçi davranışlarını daha yaxşı anlamaq və daxili prosesləri təkmilləşdirmək üçün əlavə imkan yaradır.
Əsas strateji hədəflərimizdən biri gələcəkdə müvafiq lisenziyanı əldə etmək və fəaliyyətimizi daha geniş miqyasda davam etdirməkdir. Azərbaycanda rəqəmsal aktivlər sahəsi hələ formalaşma mərhələsindədir və bu istiqaməti bütün detalları ilə tənzimləyən hüquqi çərçivə də inkişaf edir.
Sandbox rejimi həm BitAZN, həm də tənzimləyici tərəf üçün real istifadəçi davranışlarını, əməliyyatları və bazar ehtiyaclarını praktik şəkildə qiymətləndirməyə imkan verir.
Yaxın dövr üçün əsas fokuslarımızdan biri platformanın istifadəsini daha da sadələşdirməkdir. Buraya interfeysin daha intuitiv olması, əməliyyat proseslərinin optimallaşdırılması və istifadəçilərin ən çox gözlədiyi funksiyalardan biri olan kripto çıxarış imkanının gələcəkdə təqdim edilməsi daxildir.
Daha uzunmüddətli perspektivdə istifadəçilərin, xüsusilə treyderlərin maraq göstərdiyi fyuçers kimi yeni maliyyə alətləri də nəzərdən keçirilən istiqamətlərdəndir. Yeni funksiyaları istifadəçi ehtiyaclarına və formalaşan tənzimləyici çərçivəyə uyğun şəkildə mərhələli təqdim etməyi planlaşdırırıq.

