Sosial media və rəqəmsal platformalar üzərindən gəlir əldə edən şəxslər üçün yeni fəaliyyət kodu müəyyən edilib.
Cashless.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatını fəaliyyət növləri üzrə məlumat bazasına əlavə edib.
Yeni fəaliyyət növü 6312003 kodu ilə uçot sisteminə daxil edilib. Bu təsnifat sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı və əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin fəaliyyətinin ayrıca qeydiyyata alınmasına imkan verir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, son illərdə sosial media üzərindən gəlir qazanan şəxslərin sayı artıb. Mövcud təsnifatda bu fəaliyyət sahəsinin ayrıca əks olunmaması onların fəaliyyətinin düzgün uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirirdi.
DVX bu sahədə çalışan vergi ödəyicilərinə fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirməyi və yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.

