Fond bazarı ilə kriptovalyuta dünyası arasındakı sərhəd getdikcə azalır. bStocks kimi tokenləşdirilmiş məhsullar ABŞ şirkətlərinin səhmlərinin qiymət dinamikasına fərqli formatda çıxış təklif edir
Binance-in təqdim etdiyi bStocks istifadəçilərə tanınmış ABŞ şirkətlərinin səhmlərinin qiymət dəyişikliklərinə tokenləşdirilmiş formada çıxış imkanı verir. Onlarla 24/7 ticarət etmək, kiçik məbləğlə başlamaq və aktivləri uyğun kriptocüzdanda saxlamaq mümkündür.
Amma burada vacib bir məqam var: bStock almaq şirkətin səhmdarı olmaq demək deyil.
Bəs bu məhsul əslində necə işləyir?
bStocks nədir?
bStocks — Binance qrupuna daxil olan BTech Holdings Limited tərəfindən buraxılan tokenləşdirilmiş qiymətli kağızlardır.
Hər bStock konkret ABŞ şirkətinin səhminə bağlıdır və həmin səhm ilə 1:1 nisbətində təmin olunur. Yəni baza səhminin qiyməti dəyişdikcə bStock-un qiyməti də onu izləyir. Məsələn, müəyyən şirkətin səhmi bahalaşırsa və ya ucuzlaşırsa, həmin səhmə bağlı bStock-un qiyməti də uyğun istiqamətdə dəyişir.
Lakin mexanizm adi səhm alışından fərqlənir.
Bir şirkətin səhmini birbaşa aldıqda siz həmin şirkətin səhmdarı olursunuz. bStock aldıqda isə birbaşa səhm deyil, onun qiymət dinamikasına bağlı ayrıca maliyyə məhsulu əldə edirsiniz. Bu fərqi başa düşmək vacibdir.
Niyə bStocks maraqlı ola bilər?
Əsas fərqlərdən biri ticarət vaxtıdır. ABŞ fond birjalarının öz iş qrafiki var və Azərbaycanla saat fərqinə görə əsas ticarət sessiyası bizim üçün əsasən axşam saatlarına düşür. bStocks-da isə vəziyyət fərqlidir: Binance üzərindən onlarla sutkanın 24 saatı, həftənin 7 günü ticarət etmək mümkündür.
Başqa sözlə, istifadəçinin ABŞ birjasının açılmasını gözləməsinə ehtiyac qalmır. Digər fərq isə giriş məbləğidir. Bəzi məşhur şirkətlərin bir səhminin qiyməti yüzlərlə dollar ola bilər. bStocks-da isə bütöv bir səhm ekvivalentində alış etmək məcburi deyil. İstifadəçi daha kiçik məbləğlə mövqe aça bilər.
Bu xüsusiyyət xüsusilə ABŞ səhm bazarı ilə yeni tanış olanlar üçün məhsulu daha əlçatan edir.
bStocks-u Binance-dən çıxarmaq mümkündür?
Bəli. bStocks yalnız Binance hesabında saxlanılmır. Aktivləri BNB Smart Chain şəbəkəsini dəstəkləyən uyğun kriptovalyuta cüzdanına köçürmək mümkündür.
Burada isə kriptoaktivlərdə həmişə aktual olan qayda qüvvədədir: köçürmə zamanı şəbəkəni düzgün seçmək lazımdır. Yanlış şəbəkəyə göndərilən aktivlərin bərpası mümkün olmaya bilər.
Dividendlər necə işləyir?
Adi səhmdən fərqli olaraq istifadəçinin hesabına ayrıca dividend ödənişi köçürülmür. Dividend məbləği müvafiq tutulmalardan sonra əlavə səhmlərin alınmasına yönəldilir. Bunun nəticəsində istifadəçinin sahib olduğu bStocks sayı proporsional şəkildə artır. Yəni dividend avtomatik olaraq yenidən investisiya edilir.İstifadəçinin bunun üçün ayrıca əməliyyat etməsinə ehtiyac yoxdur.
Şirkət səhmlərini bölsə nə baş verir?
Səhm bazarında şirkətlər bəzən stock split, yəni səhm bölünməsi həyata keçirirlər. Məsələn, şirkət 2:1 nisbətində bölünmə elan edirsə, bir səhm iki səhmə çevrilir, hər bir səhmin qiyməti isə müvafiq olaraq azalır. bStocks-da da proses avtomatik tətbiq olunur. Əgər istifadəçinin 1 bStock-u varsa, 2:1 bölünmədən sonra onun balansında 2 bStock olacaq. Hər birinin qiyməti isə təxminən yarıya enəcək. Bu əməliyyatın özü istifadəçinin ümumi mövqe dəyərini dəyişmir.
bStocks necə almaq olar?
Binance-də bStocks əldə etməyin bir neçə yolu var. Onları spot bazarda almaq və ya platformada dəstəklənən müəyyən aktivləri bStocks-a konvertasiya etmək mümkündür. Lakin burada bir detalı nəzərə almaq lazımdır: bStocks bütün istifadəçilər üçün eyni formada əlçatan olmaya bilər. Mövcud funksiyalar hesabın qeydiyyatdan keçdiyi ölkədən və yerli tənzimləyici tələblərdən asılı olaraq dəyişə bilər. Ona görə də əməliyyatdan əvvəl Binance hesabında bu funksiyanın sizin üçün aktiv olub-olmadığını yoxlamaq lazımdır.
bStocks səhm almağın alternatividirmi?
İlk baxışda bStocks adi səhmlərə çox bənzəyir: qiymət eyni aktivi izləyir, dividend mexanizmi mövcuddur və səhm bölünməsi də nəzərə alınır. Amma hüquqi və texniki baxımdan bunlar fərqli məhsullardır. bStock alan şəxs şirkətin səhmini birbaşa əldə etmir və şirkətin klassik mənada səhmdarına çevrilmir. Buna görə məhsulu sadəcə “kriptoda səhm almaq” kimi qəbul etmək düzgün olmaz. Daha dəqiq desək, bStocks ənənəvi fond bazarı ilə kriptovalyuta infrastrukturunun kəsişməsində yaradılmış tokenləşdirilmiş maliyyə məhsuludur. İstifadə rahatlığı və 24/7 ticarət imkanları onu maraqlı edə bilər, amma məhsulun strukturu və riskləri də adi səhmlərdən fərqlənir. Bu səbəbdən əməliyyat etməzdən əvvəl məhsulun şərtlərini və tətbiq olunan məhdudiyyətləri ayrıca nəzərdən keçirmək vacibdir.
Material Binance tərəfindən Cashless.az-a təqdim edilən məlumat əsasında hazırlanıb. Mətn məlumat xarakteri daşıyır və investisiya tövsiyəsi deyil.

