Azərbaycanda ödəniş texnologiyaları inkişaf etdikcə istifadəçilərin rahatlıq və təhlükəsizliklə bağlı gözləntiləri də dəyişir. Kart məlumatlarını hər dəfə daxil etmədən onlayn alış-veriş etmək, hesabı bir neçə nəfər arasında bölmək və başqa məkanda olan şəxsin ödənişini həyata keçirmək bu istiqamətdə təqdim olunan imkanlar sırasındadır.
Chewick Solution MMC tərəfindən yaradılan Chewick Pay platforması da ödəniş prosesini daha rahat və çevik etməyi hədəfləyir.
Layihənin təqdim etdiyi imkanlar və gələcək planları barədə Chewick-in direktoru Muxtar Muxtarovla danışdıq.
– Muxtar bəy, bazarda müxtəlif bank və ödəniş tətbiqləri mövcud olduğu halda, Chewick hansı ehtiyacdan yarandı və istifadəçilərə nə təklif edir?
Bank tətbiqləri əsasən hesabların və maliyyə vəsaitlərinin idarə edilməsinə xidmət edir. Biz isə ödəniş prosesinin özünü daha rahat etmək istəyirik.
Məsələn, onlayn alış-veriş zamanı kart məlumatlarını daxil etmək, restoranda hesabı dostlarla bölmək və ya başqa məkanda olan ailə üzvünün ödənişini həyata keçirmək həmişə rahat olmur.
Chewick bu prosesləri bir platformada birləşdirir. İstifadəçilərə kart məlumatlarını qarşı tərəflə paylaşmadan ödəniş etmək, hesabı bölmək və məsafədən ödənişləri təsdiqləmək imkanı yaradırıq.
– Onlayn alış-veriş zamanı Chewick necə işləyir? Kart məlumatlarını daxil etmədən ödəniş etmək necə mümkün olur?
Chewick-ə inteqrasiya olunmuş onlayn mağazalarda istifadəçinin hər dəfə kart nömrəsini, son istifadə tarixini və CVV kodunu daxil etməsinə ehtiyac qalmır.
Ödəniş sorğusu birbaşa Chewick tətbiqinə göndərilir. İstifadəçi məbləği və əməliyyatın detallarını yoxladıqdan sonra Face ID, barmaq izi və ya cihazın digər biometrik təhlükəsizlik mexanizmləri vasitəsilə ödənişi təsdiqləyir.
– Restoranda hesabı dostlarla bölmək məsələsinə də toxundunuz. Chewick bu prosesi necə asanlaşdırır?
Yəqin ki, çoxumuz restoranda hesabı bölərkən kimin nə sifariş etdiyini hesablamağa, sonra isə bir-birimizə pul köçürməyə məcbur olmuşuq. Smart Split bu prosesi sadələşdirir.
Məsələn, dörd nəfər restoranda oturubsa, hər kəs elektron hesabda öz sifarişlərini seçərək yalnız ona aid məbləği ödəyə bilər. Hesabı bərabər bölmək və ya sərbəst məbləğ daxil etmək də mümkündür.
İstifadəçilər ödəniş zamanı bəxşiş də əlavə edə bilirlər.
Gələcəkdə elektron menyu üzərindən əvvəlcədən sifariş vermək və məkana çatdıqda sifarişi gözləmədən götürmək kimi imkanları da inkişaf etdirməyi planlaşdırırıq.
– Forward Payment də maraqlı imkanlardan biridir. Başqa məkanda olan şəxsin ödənişini necə həyata keçirə bilərik?
Təsəvvür edin ki, övladınız restorandadır, valideyniniz aptekdədir və ya əməkdaşınız şirkət üçün alış-veriş edir. Siz isə həmin məkanda deyilsiniz.
Chewick vasitəsilə ödəniş sorğusu birbaşa telefonunuza göndərilir. Siz alış səbətini, məbləği və digər məlumatları görür, hər şey qaydasındadırsa, Face ID və ya digər biometrik üsulla ödənişi təsdiqləyirsiniz.
Beləliklə, kart məlumatlarını başqasına göndərməyə və ya əvvəlcədən pul köçürməyə ehtiyac qalmır. Ödənişi həyata keçirmək üçün kassanın qarşısında olmağınız vacib deyil.
– Bəs Chewick bizneslərə nə təklif edir?
Bizneslər üçün Chewick sadəcə alternativ ödəniş üsulu deyil. Məqsədimiz ödənişlə yanaşı, müştəriyə xidmət prosesini də sadələşdirməkdir.
Məsələn, restoranda müştəri masadakı QR kod vasitəsilə hesabına baxa, ödəniş edə, bəxşiş əlavə edə və xidmət barədə rəy bildirə bilər.
Bu, müştərinin ödəniş üçün ofisiantı gözləməsini azaldır, biznesə isə hesablaşma prosesini daha rahat idarə etməyə imkan verir.
– Bizneslər Chewick-ə necə qoşula bilər? İnteqrasiya prosesi necə qurulub?
Biznesin mövcud infrastrukturundan asılı olaraq uyğun inteqrasiya modeli müəyyən edilir. Bu, API inteqrasiyası, veb əsaslı həll və ya mövcud satış və ödəniş sisteminə uyğun digər texniki model ola bilər.
Məqsədimiz biznesin mövcud sistemlərini tamamilə dəyişmədən Chewick-ə qoşulmasını təmin etməkdir.
Bizneslər chewick.com üzərindən bizimlə əlaqə saxlayaraq inteqrasiya imkanlarını müzakirə edə bilərlər.
– Son olaraq, Chewick-in gələcək planları nələrdir?
Restoran və kafelər əsas istifadə sahələrimizdən biridir, amma bununla kifayətlənmək istəmirik. E-commerce, pərakəndə ticarət, xidmət sektoru və məsafədən ödəniş tələb olunan digər sahələrə də fokuslanırıq.
Gələcəkdə yeni funksiyalar əlavə etməyi, inteqrasiya imkanlarını artırmağı və tərəfdaş şəbəkəmizi genişləndirməyi planlaşdırırıq.
Hədəfimiz ödənişin konkret bir POS-terminaldan asılı olmamasıdır. İstəyirik ki, istifadəçi harada olmasından asılı olmayaraq ödəniş sorğusunu telefonundan rahat və təhlükəsiz şəkildə təsdiqləyə bilsin.

