Çinin Ningbo Bankı rəqəmsal yuan (e-CNY) biznesini inkişaf etdirmək üçün təchizatçıları layihəyə dəvət etdiyini açıqlayıb. Tələblərə görə müraciət edənlərin rəqəmsal yuan cüzdanları ilə tanış olması üstünlükdür.
Cashless.az xəbər verir ki, bu, Çin Xalq Bankının (Mərkəzi Bank) yaxın zamanda rəqəmsal yuan üçün daha çox lisenziya verə biləcəyinə işarədir. Məqsəd ölkədə e-CNY istifadəsini genişləndirməkdir.
Yerli media mənbəsi Caixin-in məlumatına görə Mərkəzi Bank əlavə olaraq 12 Çin bankına e-CNY biznesi aparmaq üçün icazə verə bilər. Hazırda rəqəmsal yuan biznesi üçün 10 bank lisenziyaya malikdir, o cümlədən Bank of China və China Construction Bank kimi iri dövlət bankları.
Pekin rəqəmsal yuan təşəbbüsünü gücləndirərək digər mərkəzi banklar qarşısında liderliyini qorumaq və kriptovalyutaların yaratdığı riskləri, o cümlədən kapital çıxışı və valyuta nəzarətindən yayınma imkanlarını aradan qaldırmaq istəyir.
Dekabrda Mərkəzi Bank virtual valyutalara qoyulmuş qadağanı təsdiqləyib və Şanxayda rəqəmsal yuanın qlobal istifadəsini təşviq etmək üçün əməliyyat mərkəzi açıb.
2026-cı ilin yanvarından etibarən e-CNY faizli oldu ki, onun cəlbediciliyi artsın.
Qeyd edək ki, Mərkəzi Bank rəqəmsal yuanı 2019-cu ildə istifadəyə verib, lakin onun ictimai istifadə səviyyəsi hələ də məhduddur. Əhali əsasən Çin platformaları olan Alipay və WeChat Pay-dən rəqəmsal ödənişlər üçün istifadə edir.

