Azərbaycanda daha 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla şəhadətnamə almış KOB subyektlərinin sayı 292-yə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 16 layihəyə baxılıb. Onlardan 10-na şəhadətnamənin verilməsi barədə qərar qəbul edilib.
Yeni şəhadətnamə alan layihələr arasında tədbirlərin planlaşdırılması və iştirakçı koordinasiyası, işə qəbul proseslərinin süni intellekt vasitəsilə avtomatlaşdırılması, korporativ idarəetmə və risk proseslərinin rəqəmsallaşdırılması, şəhər nəqliyyatının AI əsaslı analitikası, peşəyönümü və karyera planlaşdırılması üzrə rəqəmsal həllər yer alır.
Bundan başqa, fərdi təhsil və peşə istiqamətləndirilməsi, gündəlik planlaşdırma və məhsuldarlıq, satış və anbar idarəetməsi, iş elanları və vakansiyalara uyğun CV hazırlanması üzrə platformalar da “Startap” şəhadətnaməsi əldə edib.
“Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

