Daşkənd Beynəlxalq Hava Limanında SKYSERV, Visa və DragonPass əməkdaşlığı ilə yeni Visa Lounge biznes zalı fəaliyyətə başlayıb.
Əvvəlki “Anor” biznes zalının yerində yaradılan məkan yenidənqurma zamanı təxminən iki dəfə genişləndirilib. 651 kvadratmetr sahəsi olan zal eyni vaxtda 150 sərnişini qəbul edə bilir.
Zalda iş və istirahət sahələri, sakit zonalar, yuxu kapsulları, fərdi duş otaqları və mini kinoteatr mövcuddur. Uşaqlı sərnişinlər üçün ayrıca oyun otağı yaradılıb. Qonaqlara yeməklər, qəlyanaltılar və içkilər təqdim olunur.
Premium Visa kart sahibləri zaldan Visa Airport Companion tətbiqi vasitəsilə, kartlarına uyğun giriş şərtləri çərçivəsində yararlana bilərlər. Ödənişsiz ziyarət sayı kartın kateqoriyasından və kartı buraxan bankın şərtlərindən asılıdır.
Qeyd edək ki, DragonPass şərtlərinə əsasən, Visa Platinum və Visa Platinum Business kartları üçün ildə 2, Visa Signature üçün 4, Visa Infinite üçün isə 6 ödənişsiz ziyarət nəzərdə tutulur. Pulsuz girişdən yararlanmaq üçün son bir ay ərzində Apple Pay və ya Google Pay vasitəsilə ən azı 500 manatlıq ödəniş etmək tələb olunur. Məbləğ hesablanarkən son 35 gün əsas götürülür, son 5 günün əməliyyatları isə nəzərə alınmır.
Azərbaycanda buraxılmış Visa kartlarının sahibləri səfərdən əvvəl Visa Airport Companion tətbiqində gedəcəkləri hava limanında proqram üzrə mövcud biznes zallarını, giriş şərtlərini və qalan ödənişsiz ziyarət sayını yoxlaya bilərlər. Bu zallara giriş tətbiqdən əldə olunan QR-kodla həyata keçirilir. Pulsuz giriş hüququ olmadıqda hər ziyarət üçün 32 ABŞ dolları tutulur.

