Sentyabr ayında Azərbaycanda ödəniş kartlarının ümumi sayı 23 milyon 387,7 min ədədə çatıb.
Cashless.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 413,8 min ədəd artıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,5% yüksəkdir.
Avqust ayı ilə müqayisədə debet kartlarının sayı 400,9 min artaraq 21 milyon 352,9 min, kredit kartlarının sayı isə 13 min artaraq 2 milyon 34,8 min ədəd təşkil edib.
Sentyabrda debet kartlarının 3 milyon 434,9 min ədədini sosial kartlar, 3 milyon 90,8 min ədədini əməkhaqqı kartları, 14 milyon 827,2 min ədədini isə digər debet kartları təşkil edib.
Eyni dövrdə təmassız ödəniş funksiyasına malik kartların sayı 19 milyon 44,4 min ədədə çatıb. Bu göstərici əvvəlki ayla müqayisədə 382,8 min ədəd və ya 2,1% artıb.
Beləliklə, sentyabrın sonuna ölkədəki ödəniş kartlarının təxminən 81,4%-ni təmassız ödəniş funksiyasına malik kartlar təşkil edib.

