“eBay” platformasının Azərbaycan istifadəçiləri üzrə fəaliyyət göstərən hüquqi şəxsi vergi uçotuna alınıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, İsveçrədə qeydiyyatdan keçmiş “eBay Marketplaces GmbH” şirkətinin ƏDV qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.
“eBay Marketplaces GmbH” ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Kanada və Hindistandan kənarda yaşayan eBay istifadəçiləri üçün müqavilə tərəfidir. Azərbaycan istifadəçilərinə göstərilən xidmətləri də bu hüquqi şəxs vasitəsilə təqdim olunur.
Qeydiyyat eBay-ın Azərbaycanda filial və ya ofis açması, yaxud ayrıca yerli platforma yaratması demək deyil. Şirkət Azərbaycandakı istifadəçilərə göstərdiyi rəqəmsal xidmətlər üzrə vergi öhdəliyini yerli qanunvericiliyə uyğunlaşdırır.
Qeyd edək ki, yeni qaydalara əsasən, Azərbaycanda fiziki şəxslərə elektron ticarət vasitəsilə xidmət göstərən qeyri-rezident şirkətlərin illik dövriyyəsi 10 min ABŞ dollarını keçdikdə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

