Edqar Abdullayev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib ki, əməkdaşlıq məlumat mübadiləsi mərhələsindən praktiki inteqrasiyaya keçməlidir.
Təklif olunan model bir ölkədəki bank hesabı, elektron pul hesabı və ya rəqəmsal pul kisəsindən digər Türk dövlətlərində də istifadə imkanının yaradılmasını nəzərdə tutur.
Bunun üçün ani ödəniş və QR infrastrukturlarının qarşılıqlı işləməsi, ortaq texniki standartların formalaşdırılması, bazara girişin sadələşdirilməsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq əsas istiqamətlər kimi göstərilib.
Edqar Abdullayev inteqrasiyanın ilkin mərhələdə iki və ya üç ölkə arasında pilot layihə kimi sınaqdan keçirilməsini, uğurlu nəticədən sonra isə digər Türk dövlətlərinə genişləndirilməsini təklif edib.
Türkiyə Mərkəzi Bankının rəsmisi Ahmet Buğday isə əsas məsələnin ölkələrin eyni ödəniş sistemindən istifadə etməsi deyil, müxtəlif infrastrukturların təhlükəsiz və səmərəli şəkildə bir-biri ilə işləməsi olduğunu bildirib.
TÖDEB-in İdarə Heyətinin üzvü Tarık Tombul ortaq tənzimləmə yanaşmalarının və sərhədlərarası ödəniş həllərinin inkişaf etdirilməsini vacib istiqamət kimi göstərib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə inteqrasiyanın fiziki şəxslər və biznes üçün sərhədlərarası ödənişləri daha sürətli, təhlükəsiz və aşağı xərclə həyata keçirməyə imkan verməli olduğunu vurğulayıb.

