Milli Məclis “Elektron ticarət haqqında” qanuna dəyişiklik layihəsini ilk oxunuşda qəbul edib. Yeniliklər elektron ticarətin hüquqi tənzimlənməsinin genişləndirilməsini və rəqəmsal ödəniş qaydalarının müasir texnologiyalara uyğunlaşdırılmasını nəzərdə tutur.
Cashless.az xəbər verir ki, layihəyə əsasən, qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Bununla transsərhəd elektron ticarətin də hüquqi tənzimlənməsi üçün imkan yaradılır.
Dəyişikliklərə əsasən, müvafiq proqram təminatı ilə təchiz edilmiş smartfon və digər mobil cihazlar da POS-terminal hesab edilə biləcək. Eyni zamanda, qanuna müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsini nəzərdə tutan “texnoloji neytrallıq” prinsipi əlavə olunur.
Bundan başqa, onlayn satıcılar mövcud ödəniş üsulları, o cümlədən POS-terminal və elektron pul kisəsi vasitəsilə ödəniş imkanları barədə alıcıları əvvəlcədən məlumatlandırmalı olacaqlar.
Layihəyə görə, elektron ticarətdə nağdsız ödənişlər banklar, ödəniş təşkilatları və elektron pul təşkilatları da daxil olmaqla ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək.

