Epoint və STEP IT Academy Azərbaycan informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, gənc mütəxəssislərin praktiki bacarıqlarının artırılması və onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Cashless.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində tərəflər birgə layihələr, təcrübə proqramları və müxtəlif maarifləndirici təşəbbüslər həyata keçirəcəklər.
Bununla yanaşı, STEP IT Academy tələbələri üçün Epoint-də təcrübə və karyera imkanlarının yaradılması, vakansiyalar üzrə uyğun namizədlərin qiymətləndirilməsi və iş imkanlarının təqdim edilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində Epoint əməkdaşları və onların ailə üzvləri STEP IT Academy-nin təhsil proqramlarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər. Tərəflər həmçinin innovativ tədris materiallarının hazırlanması, rəqəmsal bacarıqların inkişafı və informasiya texnologiyaları sahəsinin təşviqi üzrə birgə təşəbbüslər həyata keçirməyi planlaşdırırlar.
Epoint şirkətinin baş icraçı direktoru Zeynal Kərimzadə bildirib ki, əməkdaşlıq gənclərin real iş mühitində təcrübə qazanmasına, rəqəmsal bacarıqlarını inkişaf etdirməsinə və əmək bazarına daha hazırlıqlı daxil olmasına töhfə verəcək.

