Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”ın baş direktoru Larry Fink ilə İstanbulda görüş keçirib.
Cashless.az xəbər verir ki, görüş World Economic Forum (WEF) tərəfindən təşkil olunan Türkiyə üzrə Ölkə Strategiyası Toplantısı çərçivəsində baş tutub.

İclas İstanbulda Prezidentin Dolmabahçə İş Ofisində keçirilib və dünyanın aparıcı şirkətlərinin yüksək səviyyəli rəhbərlərini Türkiyənin iqtisadi idarəetməsi ilə bir araya gətirib.
Məlumata görə, Ərdoğan WEF toplantısından sonra Larry Fink ilə ayrıca, mətbuata qapalı formatda görüş də keçirib. Görüşdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek və energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak ediblər.
Görüş niyə önəmlidir?
“BlackRock” hazırda dünyanın ən böyük aktiv idarəedicisi hesab olunur və təxminən 14 trilyon dollar həcmində vəsaiti idarə edir. Şirkətin bazar dəyəri isə 145 milyard dollardan çoxdur.
Şirkətin rəhbəri Larry Fink isə “Forbes”-un 2026-cı il siyahısına görə 1,3 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən varlı şəxsləri arasında yer alır.
Bu görüşün Türkiyəyə potensial xarici investisiyaların cəlbi və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu qiymətləndirilir.

