Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib.
Cashless.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 8% azalıb. Bildirilir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,171 mln. manatı elektron ticarətin payına düşür.
Məlumata əsasən qalan məbləğin 1,026 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.
Qeyd edilib ki, Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 49.1% artıb.

