Azərbaycan Mərkəzi Bankı (AMB) forex və səhm ticarəti daxil olmaqla investisiya xidmətləri təklif edən xarici platformalarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
AMB-nin apardığı monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə Azərbaycanda təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilib.
Mərkəzi Bank bildirir ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycanda investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir.
Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziya əsasında mümkündür.
Tənzimləyici investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycanda fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamağı vacib hesab edir.
AMB investor hüquqlarının qorunması məqsədilə vətəndaşlara investisiyalarını yalnız Mərkəzi Bank tərəfindən verilmiş investisiya şirkəti lisenziyasına malik şəxslərə etibar etməyi tövsiyə edib.
Mərkəzi Bankın rəsmi reyestrinə əsasən, hazırda investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik şirkətlər bunlardır:
- CFİ Financial İnvestisiya Şirkəti QSC — İSN/L-7/2016
- Unicapital İnvestisiya Şirkəti ASC — İSN/L-30/2016
- İnvest-Az İnvestisiya Şirkəti QSC — İSN/L-38/2016
- Paşa Kapital İnvestisiya Şirkəti QSC — İSN/L-640/2016
- İnno Kapital İnvestisiya Şirkəti ASC — 01
- Xalq Kapital İnvestisiya Şirkəti QSC — İŞ-02
- Assist Finance İnvestisiya Şirkəti ASC — İŞ-03
- ABB-İnvest İnvestisiya Şirkəti QSC — İŞ-05
- MFX-Trading İnvestisiya Şirkəti ASC — İŞ-06
- CPM-İnvest İnvestisiya Şirkəti ASC — İŞ-07
- Troni İnvestisiya Şirkəti QSC — İŞ-08
- Capital Partners İnvestisiya Şirkəti QSC — İŞ-09

