Sövdələşmə baş tutsa, Rayan Koen birləşmiş şirkətə maaşsız rəhbərlik edəcək
Cashless.az xəbər verir ki, ABŞ-ın video oyun pərakəndəçisi GameStop e-ticarət platforması eBay-i 55,5 milyard dollara almaq üçün rəsmi təklif göndərib.
GameStop eBay-in bir səhmini 125 dollara almağı təklif edir. Sövdələşmənin dəyərinin 50 faizi nağd, digər 50 faizi isə GameStop-un səhmləri ilə ödəniləcək.
GameStop-un icraçı direktoru Rayan Koen bildirib ki, əsas məqsəd eBay-i Amazon-a real rəqibə çevirməkdir. O, birləşmiş şirkətə rəhbərlik edəcək və bu vəzifəyə görə maaş və ya bonus almayacaq.
31 yanvar 2026-cı il tarixinə GameStop-un balansında 9,4 milyard dollar nağd vəsait var. Şirkət sövdələşməni maliyyələşdirmək üçün TD Securities-dən 20 milyard dollaradək kredit cəlb etməyi planlaşdırır.
eBay rəhbərliyi təklifi nəzərdən keçirdiyini açıqlayıb. Lakin investorlar sövdələşmənin reallaşacağına şübhə ilə yanaşır. Təklif açıqlandıqdan sonra eBay-in səhmləri 6 faiz bahalaşıb, GameStop-un səhmləri isə 2 faiz ucuzlaşıb.

