Ölkənin ilk və ən böyük elektron pul təşkilatlarından biri olan Qoldenpey MMC ödəniş kartları sənayesinin məlumat təhlükəsizliyi üzrə beynəlxalq PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatını əldə edib.
Müstəqil audit nəticəsində şirkətin ödəniş əməliyyatlarında tətbiq etdiyi təhlükəsizlik mexanizmlərinin standartın aktual versiyasının tələblərinə tam uyğunluğu təsdiqlənib.
Qeyd edək ki, PCI DSS kart məlumatlarını saxlayan, emal edən və ya ötürən bütün təşkilatlar üçün məcburi sayılan beynəlxalq təhlükəsizlik çərçivəsidir. Standartın aktual 4.0.1 versiyası autentifikasiya, şifrələmə və risk idarəetməsi sahələrində sərt tələblər müəyyən edir və 2025-ci ilin 31 mart tarixindən etibarən tam tətbiq mərhələsinə keçib.

