2026-cı ilin üçüncü rübündə Temu, Shein və AliExpress-in Almaniyadakı ümumi satış dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% azalaraq 566 milyon avroya düşüb.
Cashless.az xəbər verir ki, Almaniya Elektron Ticarət və Distant Satış Assosiasiyasının (BEVH) məlumatına görə, bu platformaların elektron ticarət bazarındakı payı 5,3%-dən 3,1%-ə enib.
BEVH azalmanı Avropa İttifaqından kənardan göndərilən bağlamalara tətbiq olunan gömrük rüsumları ilə əlaqələndirir. İyuldan etibarən 150 avroyadək bağlamalar üçün gömrük güzəşti ləğv edilib və hər məhsul kateqoriyasına 3 avro rüsum tətbiq olunub. Noyabrdan əlavə 2 avro emal haqqı tutulacaq.
Bununla yanaşı, Almaniyanın elektron ticarət bazarı üçüncü rübdə 2,9% böyüyərək 18,5 milyard avroya çatıb. Artım sentyabrda qeydə alınan 3,3%-lik inflyasiyadan aşağı olub.
Assosiasiya onlayn alışlara enerji qiymətlərinin artması və gəlir gözləntilərinin zəifləməsinin də təsir etdiyini bildirir. Asiya platformalarının bazar payını itirməsi isə yerli satıcılara nəzərəçarpacaq fayda verməyib.

